Xarici ticarətimiz niyə azalıb? | TƏHLİL

   Xarici ticarətimiz niyə azalıb?    | TƏHLİL
  11 Mart 2024    Oxunub:1962
2023-cü ildə ölkəmizin xarici ticarət dövriyyəsi 51 milyard 183 milyon 899 min dollar təşkil edib. Halbuki, 2022-ci ildə bu rəqəm 52 milyard 686 milyon 488 min dollar idi. Yəni 2,86% azalma var. Bu çox təhlükəli tendensiyadır.
İqtisadiyyatda makrosabitliyi təmin edən göstəricilərdən biri xarici ticarət dövriyyəsinin həcmi və idxalın ixracdan, yoxsa ixracın idxaldan üstün olmasıdır. Ölkənin tədiyyə balansını və valyuta bazarında vəziyyəti məhz bu müəyyən edir. Xarici ticarət dövriyyəsi üzrə mənfi saldo şəraitində heç bir makrosabitlikdən və stabil məzənnədən söhbət gedə bilməz. O səbəbdən ki, idxal ölkədən pul aparır.

Düzdür, xarici ticarətdə dövriyyənin enməsinə baxmayaraq müsbət saldo qalır. Ötən il ölkəmizdən ixrac 33 milyard 898 milyon 554 min dollar, ölkəmizə idxal isə 17 milyard 285 milyon 344 min dollar olmaqla, 16 milyard 613 milyon 210 min dollar müsbət saldo qeydə alınıb. Lakin 2022-də bu rəqəmlər ixrac üzrə 38 milyard 146 milyon 630 min dollar, idxal üzrəsə 14 milyard 539 milyon 858 min dollar təşkil etməklə, müsbət saldo 23 milyard 606 milyon 771 min dollara bərabər olmuşdu. Yəni bu vacib göstərici də 30%-dək azalıb.

Bəli, qeyd oluna bilər ki, bu, iqtisadiyyatın neft-qaz sektoruna aid məhsulların ixracının azalması ilə əlaqədardır. 2023-cü ildə neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac 2022-ci illə müqayisədə 4 milyard 548 milyon 448 min dollar və ya 13% azalıb. Bunda həm ölkə daxilində hasilatın enməsilə əlaqədar həcmin, həm də qlobal bazarlarda qiymətlərin ucuzlaşması ilə bağlı dəyərin rolu var.

2022-ci ildə neft-qaz sektoruna aid məhsulların ixracının ölkədən ümumi ixracda payı 92,01 % təşkil edirdisə, keçən il bu rəqəm 90,12%-ə düşüb. Qeyri-neft sektoruna aid məhsulların ixracısa artıb. Neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixrac 2022-ci ildə 3 milyard 047 milyon 673 min 180 dollar təşkil etmişdisə, keçən ilin sonuna 9,8 % artaraq 3 milyard 348 milyon 046 min 930 dollar olub. Və sözügedən məhsullar 2022-ci il üzrə ümumi ixracda 7,99 % pay tuturdusa, 2023-də bu rəqəm 9,88 %-ə qalxıb.

Əlbəttə, bu göstəricilər müsbət tendensiyadır. Ancaq nəzərə almaq vacibdir ki, neft-qaz sektoruna aid məhsulların ixracda payı o qədər yüksək səviyyədədir ki, onun azalması ilə neft-qaz sektoruna daxil olmayan məhsulların ixracda artması tempi arasında gərək ciddi fərq olsun. Belə ki, ikincininin artım tempi birincinin azalması tempindən dəfələrlə yüksək olmalıdır. Bu isə real deyil. O səbəbdən ki, iqtisadiyyatın qeyri-neft sektorunda illik artım tempi üzrə bəlli bir sürət səviyyəsi və imkan gücü var.

Məsələn, 2024-cü il ərzində ölkəmizin neft-qaz sektorunda 1,7 % azalma, qeyri-neft-qaz sektorunda isə 4,6 % artım gözlənilir ki, bu, hökumətin rəyincə, hədəfə uyğundur. Lakin xarici ticarət dövriyyəsi iqtisadiyyatda real vəziyyəti göstərdiyindən, hər bir ölkənin iqtisadiyyatında hər şey məhz nəyin və nə qədər alınıb-satılması ilə ölçülür. Real iqtisadi gücü bu müəyyən edir.

Təkrar edirəm, xarici ticarətdə müsbət saldo iqtisadiyyatda dayanıqlıq üçün tələb olunan əsas şərtlərdən sayılır. Maliyyə sabitliyi, dövlət büdcəsinin gəlirliliyi, istehsalda artım tempi və sair də buna əsaslanır. Bizdə isə neft-qaz üzrə ixrac ölkədə xam neft hasilatının enməkdə olması ilə əlaqədar həm həcm, həm də dəyər nöqteyi-nəzərindən azaldığından, üstəlik, idxalın artması və genişlənməsi də ardıcıl və dayanıqlı xüsusiyyət kəsb etdiyindən, xarici ticarətdə müsbət saldonun daha tez əldən getməsi təhlükəsi getdikcə daha ciddi xarakter alır.

Bəs, nə etmək və hansı addımları atmaq lazımdır?!

Neft-qaz sektoru üzrə ixracın azalmasının qarşısını almaq mümkün deyil - bu, obyektiv proses və həm dünya bazarlarındakı vəziyyətlə əlaqədar tendensiyadır. Qeyri-neft sektorunda inkişaf və ixracı genişləndirmək isə zaman tələb edir. Odur ki, bu il üçün də xarici ticarətimizdə əsas barometr rolunu neftin və qazın dünya bazar qiymətləri oynayacaq. Ümid bu sahədəki ixrac qiymətlərinədir...


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Xarici-ticarət  





Xəbər lenti